Türk Ağsaqqalları Birliyinin sədri: Ermənilər əsrlərdir davam edən təxribatçı əməllərindən əl çəkə bilmirlər
Bakı, 13 sentyabr, AZƏRTAC
Ermənistan öz məkrli niyyətindən əl çəkmir. Bu gecə sərhəddə baş verən hadisələr onu göstərir ki, ermənilər əsrlərdir davam edən təxribatçı əməllərindən uzaq dura bilmirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədri professor Sudeif İmamverdiyev deyib.
O bildirib ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan dövlət sərhədində təxribatlara əl atır, atəşkəs rejimini müntəzəm olaraq pozur. “Bizim heç vaxt heç kimin torpağında gözümüz olmayıb. Biz öz tarixi torpaqlarımızı işğaldan azad etmişik. Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu cavab atəşi açıb. Ermənistan silahlı qüvvələrinin dünənki təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib”, - deyə professor qeyd edib.
S. İmamverdiyev onu da vurğulayıb ki, ermənilər Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi böyük infrastruktur layihələrinin icrasını həzm edə bilmirlər. Ona görə də davamlı təxribatlar törədib gərginliyi saxlamağa çalışırlar.
“Biz Türk Ağsaqqalları Birliyi olaraq ermənilərin törətdiyi bu cür təxribatları pisləyirik. Tökülən qanların əsas səbəbkarı əlbəttə ki, Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Həm öz adımdan, həm də Türk Ağsaqqalları Birliyi adından şəhid olmuş qəhrəman övladlarımızın ailələrinə başsağlığı verirəm. Allah onlara səbir versin. Belə mərd, Vətənə, dövlətə bağlı övladlar böyütdüklərinə görə hər birinin qarşısında baş əyirik”.