Türk ekspert: İssık-Kul layihəsi Türk dünyasının turizm inteqrasiyasında mühüm addımdır
Bakı, 5 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində İssık-Kul gölü sahilində “Baku Resort & Spa” hotelinin istifadəyə verilməsi Azərbaycan ilə Qırğızıstan arasında turizm əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu addım türk dövlətləri arasında ortaq turizm imkanlarının yaradılması istiqamətində mühüm təşəbbüslərdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Adnan Zamburkan bildirib.
Ekspert qeyd edib ki, son illər türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi turizm sahəsində də yeni imkanlar yaradıb. Onun sözlərinə görə, İssık-Kul kimi beynəlxalq turizm potensialına malik bölgədə Azərbaycan brendini daşıyan müasir turizm obyektinin fəaliyyətə başlaması qarşılıqlı investisiyaların və turizm axınının artmasına mühüm töhfə verəcək.
Adnan Zamburkan vurğulayıb ki, bu layihə yalnız hotel investisiyası deyil, eyni zamanda, Türk dünyasının ortaq turizm marşrutlarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. O bildirib ki, Azərbaycan, Qırğızıstan, Türkiyə və digər türk dövlətləri arasında vahid turizm məhsullarının hazırlanması, birgə marketinq kampaniyalarının təşkili və ortaq mədəni irsin beynəlxalq səviyyədə tanıdılması gələcək əməkdaşlığın əsas istiqamətlərindən olmalıdır.
Türkiyəli ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı turizm sahəsinə verilən xüsusi diqqət bu istiqamətdə siyasi iradənin mövcud olduğunu göstərir. Bu isə öz növbəsində özəl sektorun fəallığını artıracaq, yeni investisiyaları təşviq edəcək və Türk dünyasında dayanıqlı turizm əməkdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Adnan Zamburkan əlavə edib ki, ortaq turizm layihələrinin həyata keçirilməsi xalqlar arasında humanitar əlaqələrin güclənməsinə, qarşılıqlı səfərlərin sayının artmasına və regionun qlobal turizm bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Onun sözlərinə görə, türk dövlətlərinin zəngin tarixi, mədəni irsi və təbii turizm potensialının vahid konsepsiya əsasında təqdim edilməsi beynəlxalq turistlər üçün daha cəlbedici marşrutların formalaşmasına imkan yaradacaq. Ekspert bildirib ki, Azərbaycanın turizm sahəsində qazandığı təcrübənin Qırğızıstan və digər türk dövlətləri ilə paylaşılması xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni turizm məhsullarının hazırlanmasına və investisiya imkanlarının genişlənməsinə şərait yaradacaq. O qeyd edib ki, nəqliyyat əlaqələrinin inkişafı, birgə tanıtım kampaniyaları və ortaq turizm paketlərinin hazırlanması Türk dünyasını vahid turizm məkanı kimi beynəlxalq bazarda daha güclü mövqeyə çıxara bilər.
Adnan Zamburkan vurğulayıb ki, İssık-Kulda istifadəyə verilən “Baku Resort & Spa” bu baxımdan simvolik əhəmiyyət daşıyır və gələcəkdə türk dövlətlərinin digər turizm bölgələrində də oxşar investisiya layihələrinin həyata keçirilməsinə stimul verə bilər. Onun fikrincə, bu cür təşəbbüslər iqtisadi əməkdaşlıqla yanaşı, ortaq mədəni dəyərlərin tanıdılmasına və Türk dünyasının beynəlxalq turizm xəritəsində daha güclü mövqe qazanmasına da xidmət edəcək.