Türkdilli Dövlətlərin Vaşinqtondakı konsulları videokonfrans formatında görüşüblər
Vaşinqton, 9 may, AZƏRTAC
Mayın 8-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirliklərinin konsullarının iştirakı ilə videokonfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşündə səsləndirilən məsələlərin icrasının davamı olaraq keçirilib.
Görüş iştirakçıları tərəfindən regionda türk mədəniyyətinin incəsənət mərkəzi hesab olunan ölkəmizin qədim Şuşa şəhərinin işğalının 28-ci ildönümü, işğal zamanı həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sədr ölkə olaraq tədbiri açan Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərdən söhbət açıb.
Görüş zamanı COVID-19 pandemiyası ilə əlaqədar ABŞ-da çətinliklərlə üzləşən vətəndaşlara konsulluq yardımının göstərilməsi, vətəndaşların qeydiyyatı, onların ABŞ-dan təxliyəsi məsələləri ətrafında müzakirələr aparılıb.
Videokonfrasda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin nümayəndəsi Ceyhun Şahverdiyev görüş iştirakçılarına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin mayın 7-də keçirdiyi iclas barədə ətraflı məlumat verib.
Görüş iştirakçıları tərəfindən öz ölkələrində COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təbdirlər, bu ölkələrə səfər etmək istəyən əcnəbilərə münasibətdə viza siyasəti, karantin rejimi, vətəndaşların sərhədlərdən buraxılışı qaydaları, kommersiya uçuşlarının bərpası, təxliyə planları barədə məlumat mübadiləsi aparılıb və yaranmış vəziyyətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü uğurlu və faydalı bir regional təşkilat kimi göstərməkdədir və bu format həqiqətən də qlobal çağırışlara cavab vermək iqtidarında olduğunu doğruldur.
Ölkəmizin ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi ilə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ABŞ-dakı səfirliyinin konsulları iştirak ediblər.
Qeyd edək ki, sözügedən görüşün keçirilməsinə dair təşəbbüs cari il aprelin 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirləri və Şuranın Baş katibinin iştirakı ilə keçirilmiş videokonfrans iclasında irəli sürülmüşdü.
AZƏRTAC-ın Vaşinqton bürosu