TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜLÜN ÇIXIŞI
Hörmətli qonaqlar!
Bu gün, həqiqətən, mühüm bir görüşdür. Bu görüşün Bakı-Tbilisi –Ceyhan neft kəmərinin açılış mərasimi ərəfəsinə təsadüf etməsi böyük bir məna daşıyır. Bu baxımdan Kamuran bəy başda olmaqla, “Ekovitrin”in bütün əməkdaşlarını təbrik edirəm. Bu təşəbbüslərin, toplantıların daimi olacağını gördük. Gözəl bir platformadır. Bu platformada Türkiyənin və dünyadakı bütün türklərin uğurları təbliğ edilir. Bunun üçün də daim təşviqedici, uğurları daim ön plana çıxarılan platformalardan biridir. Bu münasibətlə sizi təbrik edirik.
Hörmətli Prezidentin bu toplantını şərəfləndirməsi, şübhəsiz, buna ayrı bir dəyər əlavə etmişdir. Buradakı bütün qonaqlar adından hörmətli Prezidentə təşəkkür edirəm. Cənab Prezident bu axşam və sabah bir çox mühüm toplantılarda iştirak edəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, həqiqətən, əsrin ən mühüm layihələrindən biridir. Sadəcə, Qafqaz neftinin Aralıq dənizi vasitəsilə ixrac edilməsi ilə kifayətlənilməyəcəkdir. Bir müddət əvvəl hörmətli Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə imzaladıqları müqaviləyə əsasən, Qazaxıstan nefti bu kəmərlə bütün dünyaya ixrac ediləcəkdir. Bu, çox böyük bir uğurdur. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də inşa edilir. İnşallah bu ilin axırına qədər başa çatdırılacaqdır. Bu da xüsusi strateji əhəmiyyət daşıyan bir layihədir. Əminəm ki, bu kəmər vasitəsilə “Şahdəniz” qazı ilə yanaşı, Orta Asiyanın qaz ehtiyatları da ixrac ediləcək və bütün bu uğurları birlikdə görəcəyik.
Bu mərasimi təşkil edənlərə təşəkkür edirəm. Burada iştirak etdiyi üçün hörmətli Prezidentə ehtiramlarımı bildirirəm. Sağ olun.
X X X
Sonra Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri ABDULLAH GÜL Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Avrasiyada ilin siyasət adamı” mükafatını təqdim edərək dedi:
- Doğrusu, bu mükafatı təqdim etmək mənim üçün böyük bir şərəfdir. Hörmətli Prezident Azərbaycana çox böyük məharətlə rəhbərlik edir. Seçkilərdən sonra Azərbaycan çox böyük sıçrayışlar edir. Bir tərəfdən, iqtisadi uğurlar qazanır, digər tərəfdən isə, Avropa Şurasının bir üzvü olan Azərbaycan demokratiya sahəsində də sürətlə inkişaf edir. Bunları prioritet sahələr kimi gördüyünüz üçün Sizi türk milləti adından, bütün türklər adından təbrik edirik. Türkiyənin bütün gücü, bütün dəstəyi Azərbaycanın arxasındadır. Bu ölkənin uğurları bizim üçün böyük bir qürur mənbəyidir. Bütün türk milləti bundan böyük sevinc hissi keçirir. İnanırıq ki, qarşıdakı illərdə Azərbaycanın bir çox uğurlarına birlikdə şahid olacağıq. Bütün türk milləti adından Sizi bir daha təbrik edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.