TÜRKİYƏ ERMƏNİSTANLA BİRBAŞA GÖRÜŞLƏR KEÇİRMİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin altı saata qədər davam edən iclasından sonra bəyanat verən Baş nazirin müavini Cəmil Çiçək əsas müzakirə mövzusunun Cənubi Qafqazdakı vəziyyət olduğunu bldirmişdir.
Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi Qafqaz İttifaqına Ermənistanın da daxil olacağı və bununla bağlı Yerevanla danışıqlar aparılacağının mümkünlüyü barədə suala cavab verən Cəmil Çiçək demişdir: “Türkiyə hazırda Ermənistanla heç bir görüş keçirmir. Ankaranın məqsədi Qafqazda əməkdaşlığın və sabitliyin bərqərar olmasıdır. Bölgədəki problemlərin hərbi yolla, zor gücünə deyil, sülh yolu ilə nizama salınması üçün addım atılmalıdır. Bunun üçün Rəcəb Tayyib Ərdoğan Rusiya və Gürcüstanda danışıqlar aparmış, avqustun 20-də isə Azərbaycana səfər edəcəkdir. Ermənistanla görüşmək lazım gələrsə, bu görüşlər keçiriləcəkdir”.
Cəmil Çiçək Cənubi Qafqazda dünyada sülhə və sabitliyə təhlükə törədən ciddi problemlərin olduğuna işarə edərək, gələcəkdə Ermənistanla da görüşlərin olacağını istisna etməmişdir.