DÜNYA
Türkiyə parlamentinin rəqəmsal arxivi yaradılır
Ankara, 25 noyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) arxivlərində saxlanılan azı 30 milyon sənəd yaxın vaxtlarda vahid rəqəmsal platformaya yüklənəcək.
AZƏRTAC xəbər verir ki, TBMM-in fəaliyyətində kağızdan istifadəni minimuma endirəcək “Elektron Parlament” layihəsi ölkə parlamentinin sədri Numan Kurtulmuşun tapşırığı ilə həyata keçirilir.
Mütəxəssislər artıq ilk 12 milyon sənədi rəqəmsallaşdırmağa nail olublar və ilin sonuna kimi daha bir milyon rəqəmsal nüsxə yaradılacaq.
Açıq arxiv sənədlərinin axtarışını asanlaşdırmaq üçün “Elektron Parlament” portalı tələb olunan qanunu, TBMM-nin qərarlarını və ya qanunvericilik səviyyəsində baxılan qanun layihələrini, parlament komissiyaları, eləcə də jurnallar, qəzetlər, kitablar haqqında və sairə məlumatları çevik tapmağa imkan verən xüsusi filtrlə təchiz edilib.
Bundan əlavə, yeni portal vasitəsilə 2007-ci ildən başlayaraq respublika əhəmiyyətli bütün çap nəşrlərinin elektron versiyalarına daxil olmaq mümkündür. Sistemə “Akşam”, “Yeni Şafak”, “Cümhuriyet”, “Millet”, “Milliyet”, “Tercüman”, “Türkiye”, “Vakit”, “Vatan” kimi məşhur qəzetlər də daxil olmaqla 116 müxtəlif nəşrin 5 milyona yaxın elektron versiyası yüklənib.
Qeyd edək ki, əgər əvvəllər parlamentin arxivi Türkiyədə bütün milli çap nəşrlərinin gündəlik nüsxələrini alırdısa, 2024-cü il oktyabrın 1-dən TBMM Arxiv İdarəetmə Sisteminə qəzetlərin yalnız elektron variantları yüklənir.
Eyni zamanda, hər kəs 294 türk jurnalının elektron versiyalarına da daxil ola bilər.
Bundan əlavə, Türkiyənin müxtəlif dövlət qurumları portal vasitəsilə istənilən qapalı sənəd üçün müraciət edə bilərlər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara