Türkiyə Suriya ərazisində növbəti əməliyyatlara intensiv hazırlıq görür
Bakı, 20 dekabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Suriyada hərbi əməliyyatlara başlamaq üçün intensiv hazırlıq işləri aparır.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Bu, ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərardan sonra Ankaranın ilk rəsmi bəyanatıdır.
“İndi qarşımızda Minbiç və Fərat çayının şərq hissəsi durur. Bu məsələ üzərində gecə-gündüz işləyirik və hadisələri yaxından izləyirik. Hazırda həmin ərazilərdə səngərlərin və tunellərin qazıldığı deyilir. Nə edirlər etsinlər, vaxtı çatanda onları qazdıqları səngərlərdə basdıracağıq. Buna heç kimin şübhəsi olmasın", - deyə Hulusi Akar bildirib.
Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Fərat çayının şərq sahillərində terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu deyib. Buna qədər isə Türkiyə Suriya ərazisində iki hərbi əməliyyat keçirib. “Fərat qalxanı” və “Zeytun budağı” adlandırılan əməliyyatlar nəticəsində Azaz və Carablus şəhərləri arasında bufer zonası yaradılıb, həmçinin Afrin regionu kürd silahlılarından təmizlənib.