Türkiyə və Naxçıvan alpinistlərinin iştirakı ilə Haçadağa Zəfər yürüşü təşkil edilib
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Türkiyə və Naxçıvan alpinistlərinin iştirakı ilə muxtar respublikanın Culfa rayonu ərazisində yerləşən Haçadağa Zəfər yürüşü təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbənin ildönümü münasibətilə hündürlüyü 2415 metr olan Haçadağa yürüşdə 11 nəfərlik alpinist qrupu iştirak edib. Yürüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil edilib. Federasiyanın idmançıları qardaş ölkə alpinistləri ilə birgə zirvəyə dırmanıblar.
Yürüşə Culfa rayonunun Gal kəndindən başlanılıb. Dağın zirvəsinə çatan yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizin xatirəsini yad edib, posterlər açıb, iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar.
Yürüşdən sonra alpinistlərə fəxri fərman və xatirə plaketi təqdim olunub.