TÜRKİYƏDƏ HAVALAR ÇOX İSTİ KEÇİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlər Türkiyədə hava olduqca istidir. Məsələn, İstanbulda, Antalya və İzmir kurortlarında temperatur 40 dərəcədən yuxarıdır. Ankarada və ölkənin cənub-şərq bölgələrində də hava çox istidir, lakin yeganə fərq ondadır ki, burada hava rütubətli deyil və bu, istini bir qədər asan keçirməyə imkan verir. Türkiyə həkimləri Ege, Mərmərə və Aralıq dənizlərinin kurortlarında dincələnlərə çimərliyə ancaq səhər və axşam vaxtları, həm də acqarına getməyi məsləhət görürlər. Təbii ki, günün altında durmaq da olmaz. Meteoroloqların proqnozlarına görə, istilər azı gələn həftəyədək davam edəcəkdir. Buna səbəb İran körfəzindən və Afrikadan- Böyük Səhradan gələn isti hava axınlarının Türkiyə ərazisi üzərində birləşməsidir.