Türkiyəli iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Quba, 10 aprel, Elxan Yusifli, AZƏRTAC
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvlərindən ibarət nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Türkiyəli iş adamlarının nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.