Türkiyəli iş adamları Xaçmazda yerli sahibkarlarla əməkdaşlıq edəcəklər
Xaçmaz, 9 aprel, Elxan Yusifli, AZƏRTAC
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri Xaçmaza səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara rayonun potensial imkanları və sosial-iqtisadi sahədə əldə olunan uğurlar barədə ətraflı məlumat verib.
İcra hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanları olan Xaçmazda bağçılığa maraq böyükdür. Son illər rayonda daha çox müasir üsulla intensiv bağ sahələri salınır. Xaçmaz rayonu Xəzər dənizinin sahilində yerləşir və 70 kilometrə yaxın sahil zolağı mövcuddur. Bu isə dənizkənarı ərazilərdə turizmin inkişafı üçün əlverişli imkanlar yaradır.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyətinin üzvləri Xaçmazla tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Milli Məclisin deputatı Sevil Mikayılova iş adamları arasında qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətini yüksək qiymətləndirərək, işbirliyi üçün geniş imkanların olduğunu qeyd edib.