Türkiyəli professor Arxeologiya və Antropologiya İnstitutunda elmi seminar keçirib
Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Türkiyənin Ege Universitetinin professoru xanım Çiler Çilingiroğlunun "Anadolunun neolitləşməsi" adlı seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev elmi əməkdaşların toplandığı tədbirdə çıxış edərək Anadolunun, o cümlədən Cənubi Qafqazın neolitləşməsi, yəni erkən əkinçilik və maldarlığın yaranması və yayılması prosesinin araşdırılmasının arxeologiya elmində aktuallığını vurğulayıb.
Türkiyəli alim qeyd edib ki, Anadolu yarımadasında arxeoloji mədəniyyətlər öz yerləşdiyi əraziyə, landşafta, qədim dövrdəki ekoloji mühitə, xronoloji ardıcıllığına görə fərqli xüsusiyyətlərə malikdir: “Təqribən 12 min il əvvəl, yəni e.ə. IX minilliyə aid Göbəklitəpə abidəsi barədə məlumat verən türkiyəli mühazirəçi son tədqiqatlara əsaslanaraq bildirib ki, abidə artıq keramikaya qədər Neolit dövrü insanlarının təkcə sitayiş yeri, kult tikilisi deyildi. Arxeoloji qazıntılar onun ətrafında yaşayış tikililərinin olduğunu göstərməkdədir. Alman arxeoloqu Klaus Şmidt tərəfindən aşkar edilmiş Göbəklitəpədə “T” şəkilli, əhəng daşından yonulmuş sütunların üzəri müəyyən zoomorf və ya mifik canlıların surətləri, piktoqrafik şəkildə verilmiş mənzərə təsvirləri ilə bəzədilib. Heyvan və mifik varlıqlar aqressiv formada təsvir edilib. Sütunlardakı mənzərələr, əslində, mənası bizə bəlli olmayan mifik hekayələrin əksi idi. Göbəklitəpədə tapınaq yeri daha qədim Mezolit dövründə inşa edilməyə başlanıb və sonra keramikaya qədərki neolitdə davam etdirilib. Son tədqiqatların nəticələrinə görə, abidəni inşa etmiş qədim populyasiyada kişi başlanğıcı kultu aparıcı olub. Sütunların kəsilməsi, cilalanması və təsvirlərin yaradılması abidədən kənarda icra edilirdi. Qədim əhali bu yeri tərk edərkən tapınaq yerini və yaşayış tikililərini basdırıb. Buna görə də abidə müasir dövrə qədər yaxşı qorunub”.
Daha sonra Çiler Çilingiroğlu artıq e.ə. 8-ci minilliyin ikinci yarısına aid Çatalhöyük abidəsində aparılan tədqiqatların son nəticələri barədə məlumat verib: “Artıq Çatalhöyükdə biz inkişaf etmiş əkinçi və maldar təsərrüfat görürük. Heyvan qalıqlarının genetik analizləri göstərir ki, iribuynuzlu mal-qara, qoyunlar və donuzlar Anadoluda Toros dağlarında, keçilər isə İranın dağlıq Zaqros ərazisində əhliləşdirilib və bu mərkəzlərdən mədəni miqrasiyalarla dünyaya yayılıb. Çatalhöyükdə dini ayinlərdə istifadə edilən qablarda və gil çənlərdə dənli bitkilərdən hazırlanmış yüngül alkoqollu içkilərin hazırlanmasından sonra qalan kimyəvi çöküntülər qeydə alınıb. Çatalhöyük məskənini yaradan populyasiyanın dini dünyagörüşündə qadın başlanğıcı mövcud idi”.
Mühazirə bitdikdən sonra institutun aparıcı elmi işçisi Valeh Ələkbərov Şomutəpə mədəniyyətinə aid Göytəpə neolit məskənində aparılmış qazıntıların nəticələri barədə məlumat verib. Həmçinin institutun şöbə müdiri dosent Xəqani Alməmmədov Qarabağ neoliti mədəniyyətinə aid məskənlərdə aparılmış tədqiqatların nəticələrindən danışıb.
Daha sonra tədbirdə iştirak edən arxeoloqlar mövzu üzrə müzakirələr aparıblar.