TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI
Azərbaycandan gəlmiş hörmətli mətbuat nümayəndələri!
Azərbaycanın Baş naziri hörmətli İlham Əliyevin yeni vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. Bu səfəri ölkələrimiz arasında mövcud olan əlaqələrin inkişafında yeni bir addım kimi dəyərləndirirəm. Eyni zamanda, dəyərli dövlət xadimi, Azərbaycan Prezidenti Heydər Əliyevə cansağlığı arzularımı yenidən çatdırmaq istəyirəm.
İstər təkbətək görüş, istərsə də heyətlərarası görüşlər keçirdik. Beynəlxalq və ikitərəfli münasibətlərimizə dair məsələlər ətrafında çox səmərəli və faydalı fikir mübadiləsi apardıq.
Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq əlaqələri gücünü dərin tarixi və mədəni mənbələrdən, din birliyindən almaqdadır. Bütün bunlara əsasən, biz indiyə qədər bu şəkildə, yəni, bir millət, iki dövlət kimi əməkdaşlıq etmişik. Bu sağlam təməl üzərində bütün sahələrdə inkişaf edən əməkdaşlıqla ikitərəfli əlaqələrimiz bugünkü mükəmməl səviyyəyə yüksəlmişdir.
Ölkələrimiz arasında əlaqələrin davamlı şəkildə və xalqlarımızın mənafeyi naminə nəticələr verməsi, bütün səviyyələrdəki əməkdaşlığın qarşılıqlı anlaşma və yardım təməlində davam etməsi çox böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan arasında uğurla davam edən münasibətlərlə yanaşı, beynəlxalq sahədə də güclü bir əməkdaşlıq mövcuddur. On ildən artıq bir müddətdə öz ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən başlıca problemlərindən biridir. Türkiyə torpaqları Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycana həmişə dəstək vermişdir. Bu problemin həlli məqsədi ilə Türkiyə bundan sonra da Azərbaycana öz köməyini göstərməkdə davam edəcəkdir.
Ölkələrimiz arasında geniş əməkdaşlığın ən bariz nümunələrindən biri olan Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin planlaşdırıldığı kimi həyata keçirilməsindən böyük məmnunluq hissi duyuruq. Boru xəttinin tikintisinə ölkəmizdə, Azərbaycanda və Gürcüstanda eyni vaxtda başlanmışdır və sürətlə davam etməkdədir. Eyni zamanda, Azərbaycan təbii qazını ölkəmizə gətirəcək Bakı-Tbilisi-Ərzurum boru xətti layihəsinin həyata keçirilməsinə dair çalışmalar da davam etməkdədir.
Azərbaycanın Baş naziri İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini Ankarada qarşılamaqdan duyduğum məmnunluğu bir daha bildirmək istəyirəm. Bununla da bütün qardaş Azərbaycan xalqına buradan türk xalqının rifah və əmin-amanlıq arzularını çatdırmaq istəyirəm.