TÜRKİYƏNİN MÜXALİFƏT PARTİYALARI NARAZILIQLARINI BİLDİRİRLƏR
Türkiyədə ingilis dilində çıxan “Türkiş Deyli Nyus” qəzeti xarici işlər naziri Yaşar Yakışın Ermənistanla münasibətlərlə bağlı fikirlərini dərc etmişdir. Cənab Yaşar Yakış Azərbaycanın həssas olduğu məsələlərə böyük diqqət göstərəcəklərini vurğulamaqla yanaşı, işarə etmişdir ki, Türkiyənin iqtisadi mənafeləri tələb edərsə, Ermənistanla da ticarət əlaqələri qurula bilər.
Nazirin bu sözləri Türkiyədəki erməni diasporunun liderlərindən olan iş adamı Noyan Soyak tərəfindən müsbət qarşılanmışdır. Xatırladaq ki, Noyan Soyak Türkiyədə fəal erməni təbliğatı aparır. O, bəzi türk iş adamlarının, jurnalistlərin, qadın təşkilatları nümayəndələrinin Ermənistana, erməni heyətlərinin Türkiyəyə səfərlərinin təşəbbüskarı, təşkilatçısı və sponsorudur. ABŞ-da yaşayan qardaşı, zəngin iş adamı Kaan Soyak isə zaman-zaman türk jurnalistlərini bu ölkəyə dəvət edərək, Türkiyənin kütləvi informasiya vasitələrində ermənipərəst təbliğatın aparılmasına kömək göstərir.
“Türkiş Deyli Nyus” qəzetində çap olunan məqalədə Azərbaycan Respublikasının Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyevin açıqlamalarına da yer verilmişdir. Səfir Türkiyənin dəfələrlə Ermənistana güzəştə getdiyini, ancaq bunun əvəzində rəsmi Yerevanın nə Türkiyəyə, nə də Azərbaycana qarşı heç bir müsbət addım atmadığını vurğulamışdır. Səmimiyyət və fədakarlıq göstərmək növbəsinin Türkiyədə deyil, Ermənistanda olduğunu bildirən səfir Ermənistanın işğalçı siyasətinə, illərlə çadırlarda yaşayan azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyətinə diqqəti cəlb etmişdir.
Türkiyənin müxalifət partiyalarının rəhbərləri cənab Yaşar Yakışın xarici siyasətlə əlaqədar bəyanatlarına narazılıqlarını bildirmişlər. Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal xarici siyasət idarəsi başçısının açıqlamalarını kəskin tənqid edərək, Türkiyənin tarixində ilk dəfə nazirliyin öz nazirinin çıxışlarını təkzib etmək məcburiyyətində qaldığını söyləmiş, naziri xarici siyasət məsələlərində daha diqqətli olmağa çağırmışdır.
Tansu Çillərin istefasından sonra Doğru Yol Partiyasının sədri olan millət vəkili Mehmed Ağar da xarici işlər nazirinin bəzi ifadələrinin səhv və qəbuledilməz olduğunu söyləmişdir.
Bu arada isə ABŞ-dakı yunan və erməni diasporunun liderləri Prezident Corc Buşa məktub göndərərək, Türkiyəyə dəstək verilməməsini və iki ölkə arasında mövcud olan hərbi və iqtisadi əlaqələrin kəsilməsini tələb etmişlər. Məktubda ABŞ müdafiə nazirinin müavinləri Pol Volfoviç və Duqlas Feit, xarici işlər nazirinin müavini Mark Crossman, sabiq müdafiə naziri Riçard Perl pantürkizmdə ittiham olunurlar. Həmin məktubu Amerika Erməni Milli Konqresinin sədri Aram Hamparyan, Yunan-Amerika Təhsil-İnkişaf Birliyinin sədri Ceyms Dmitriu, Amerika Yunan Milli Konqresinin sədri Ted Spiropulos və başqaları imzalamışlar.
Tural Pzayev
AzərTac-ın xüsusi müxbiri
Ankara