TÜRKMƏNİSTANDA UZUN FASİLƏDƏN SONRA OPERA GÖSTƏRİLƏCƏKDİR
AZƏRTAC Türkmənistan televiziyasına istinadla xəbər verir ki, Türkmənistan Nazirlər Kabinetinin iclasında prezident Qurbanqulu Berdiməhəmmədova “Şahsənəm və Qərib” operasının tamaşasına dəvətnamə təqdim edilmişdir. Bu, Türkmənistanda uzun fasilədən sonra göstəriləcək ilk opera tamaşası olacaqdır.
Türkmənistanın birinci Prezidenti Saparmurad Niyazovun hakimiyyəti dövründə bu ölkədə incəsənətin balet, sirk və bəzi başqa növləri kimi operaya da qadağa qoyulmuşdu. Niyazov belə hesab edirdi ki, incəsənətin bu növləri türkmən xalqına yabançı və onun üçün anlaşılmazdır. Prezident Q.Berdiməhəmmədov mədəniyyət sahəsində milli və dünya mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri və bir-birini zənginləşdirməsi xəttini həyata keçirməyə başlamışdır. Türkmənistan hökuməti, məsələn, milli sirk sənətinin bərpa olunması və inkişaf etdirilməsi barədə qərar qəbul etmişdir.
Dövlət başçısına dəvətnaməni Türkmənistan hökumətinin baş nazirinin mədəniyyət məsələləri üzrə müavini Maisə Yazməhəmmədova təqdim etmişdir. O bildirmişdir ki, milli opera sənətinin bərpa edilməsi barədə prezidentin tapşırığı yerinə yetirilmişdir.
“Şahsənəm və Qərib” operasının ilk tamaşası yaxın günlərdə Milli Mərkəzin Muğam Sarayının səhnəsində göstəriləcəkdir.
Dövlət başçısı demişdir ki, “Şahsənəm və Qərib” operasının yeni quruluşda təqdim edilməsi milli musiqi sənətinin inkişafı üçün həqiqətən böyük əhəmiyyət kəsb edən əlamətdar hadisədir. O, əmin olduğunu bildirmişdir ki, opera sənətinin çoxsaylı biliciləri və pərəstişkarları premyeraya gələcəkdir.
“Şahsənəm və Qərib” türkmən xalq dastanıdır. Qərib ilə Şahsənəmin sevgisi barədə rəvayət qədim oğuz dastanı “Kitabi-Dədə Qorqud”a aiddir. A.Q.Şapoşnikov və D.Ovezov bu dastanın süjeti əsasında “Şahsənəm və Qərib” adlı opera yazmışdır. 1944-cü ildə Türkmənistan Opera və Balet Teatrının səhnəsində ilk dəfə tamaşaya qoyulmuş bu opera onilliklər ərzində qeyri-adi populyarlığa malik olmuşdur. Təsadüfi deyildir ki, Türkmənistanda opera sənətinin yenidən həyata qaytarılması münasibətilə bu operanı bərpa etmək və milli opera sənətinin ikinci həyatını bu tamaşanın premyerası ilə başlamaq qərara alınmışdır.