SİYASƏT
TürkPA-nın baş katibi türkdilli ölkələrin və cəmiyyətlərin 3-cü media forumunda iştirak etmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Türkdilli ölkələrin və cəmiyyətlərin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 3-cü media forumunda iştirak etmişdir.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir Qırğızıstan İnformasiya, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Parlamentinin Baş Mətbuat və İnformasiya İdarəsinin birgə təşəbbüsü ilə reallaşdırılmışdır.
J.Asanov forumdakı çıxışında türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin gələcək inkişafı üçün qanunvericilik bazasının yaradılmasında TürkPA-nın rolu barədə fikirlərini bölüşmüşdür. Türkdilli ölkələr arasında informasiya mübadiləsinin yetərli səviyyədə olmadığını vurğulayan J.Asanov milli informasiya məkanlarını tam və dolğun informasiya ilə təmin edə biləcək internet saytının yaradılmasını təklif etmişdir.
TürkPA-nın baş katibi forum çərçivəsində Türkiyə Parlamentinin Baş Mətbuat və İnformasiya İdarəsinin direktoru Murat Karakaya, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı və türkdilli ölkələrin və cəmiyyətlərin kütləvi İnformasiya vasitələrinin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.