Tvinninq layihəsinin İdarəetmə Komitəsinin onlayn iclası keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən iclasda Avropa İttifaqı tərəfindən layihəni həyata keçirən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Azərbaycanın Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşı iştirak edib.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini, həmçinin digər iclas iştirakçılarını salamlayaraq layihənin 8-ci rübü ərzində görülmüş işlər barədə qısa məlumat verib. Yaqub Piriyev layihənin başlıca nailiyyətlərindən birinin kompetensiya əsaslı təhsil proqramlarının çərçivə sənədinin işlənib hazırlanması olduğunu nəzərə çatdırıb və bunun əhəmiyyətindən danışıb.
Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib ki, karantin rejiminin elan olunmasına baxmayaraq, Tvinninq layihəsi fəaliyyətini davam etdirib, bir sıra sənədlər üzərində iş aparılıb.
Sonra layihənin Rezident Tvinninq Müşaviri Liza Bıdanova 8-ci rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri iştirakçıların diqqətinə çatdırıb.
Yekunda layihənin komponent rəhbərləri son rüb ərzində öz komponentləri çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.