Ucarda şadlıq sarayının sahibi həbs olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və tələblərinin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən eyni adlı şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və toy şənliyində 250 qonağın iştirak etməsi məlum olub.
Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələrin əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanan materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.