CƏMİYYƏT
Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək tədbirləri həyata keçirilir
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin icra etdiyi “Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Astara rayonun Asxanakəran, Pəlikəş, Rinə, Tüləguvan, Lerik rayonun Hamarmeşə və Günəşli kəndlərində məktəbli qızların iştirakı ilə tədbir həyata keçirilib.
“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari il sentyabrın 4-dən etibarən keçirilən tədbirlər vasitəsilə layihədən ümumilikdə 120 nəfərdən çox məktəbli qız birbaşa faydalanıb.
Hər bir tədbirdə çıxış edən təşkilatın sədri və layihə rəhbəri İntiqam Səfərov iştirakçılara qızların təhsilinin önəmi barədə məlumatları çatdırıb. Layihənin sonunda məktəbli qızlar üçün təşkil ediləcək sosial ekskursiya barədə iştirakçılara məlumat verib.
Tədbirdə iştirak edən hər bir kənd məktəbin direktoru layihənin önəmini və aktuallığını qeyd edib, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticələri barədə danışıblar.
Tədbirlər zamanı layihə eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev seminarda iştirak edən məktəbli qızlarla “Mənim təhsilim cəmiyyətin inkişafıdır”, “Sosial həyatda fəal iştirak”la bağlı fikir mübadiləsi aparıb, müxtəlif qrup müzakirələri həyata keçirib. Yekunda məktəbli qızlar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər.
Seminarların yekununda iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd yerlərində məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır.