UKRAYNA ÇERNOBIL ATOM ELEKTRİK STANSİYASININ SARKOFAQI ÜÇÜN 1 MİLYARD DOLLAR TƏLƏB EDİR
Ukrayna Prezidentinin işlər idarəsi rəisinin müavini Vasili Baziv mətbuat konfransında bildirmişdir ki, yeni hesablamalara görə, bu tikinti işlərinin aparılması üçün 1 milyard 90 min dollar tələb olunur. Onun sözlərinə görə, donor ölkələr çatışmayan məbləği Ukraynaya “yubanmadan” verməlidirlər. Əks halda, Ukrayna hökuməti obyektdə xoşagəlməz halların baş verəcəyini istisna etmir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ÇAES-in dağılmış 4-cü enerji blokunun üzərində yeni təhlükəsiz örtük tikilməsi üçün cari ilin mayında müsabiqə elan etmişdir. Tikintinin 2004-cü ildən 2008-ci ilədək davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ÇAES-də sonuncu enerji bloku 2000-ci ildə dayandırılmışdır. O vaxtdan bəri Ukrayna hökuməti stansiyada aparılacaq bərpa işlərinin maliyyələşdirilməsi üçün Qərb ölkələrinə dəfələrlə müraciət etmişdir.
Yeni örtük azı 100 il müddətinə reaktorun kipliyini təmin edəcək və gələcəkdə görülməsi zəruri ola biləcək işlərin aparılması üçün avadanlıqla təchiz olunacaqdır.
“Örtük” planını AYİB tərəfindən idarə olunan eyniadlı Çernobıl fondu maliyyələşdirir. AYİB–in verdiyi məlumata görə, 28 donor ölkənin hökumətləri fonda 700 milyon avrodan artıq vəsait köçürəcəyini, ”böyük yeddilik” ölkələri isə proqramın başa catdırılması üçün əlavə vəsait toplayacaqlarını vəd etmişlər.