Ukrayna universitetlərində Azərbaycan tarixi və mədəniyyəti təbliğ ediləcək
Bakı, 7 aprel, AZƏRTAC
“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği üçün yeni layihəyə start verib. Təşkilat dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələri qurmağa başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə növbəti mühüm addım Ukrayna ilə atılıb.
“İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukrayna Dövlət Fiskal Xidmətinin Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Onlayn formatda keçirilən görüşdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Ukrayna Dövlət Fiskal Xidmətinin Universitetinin rektoru Anton Monaienko, beynəlxalq əlaqələr departamentinin direktoru Andrii Bojkov iştirak ediblər.
Bildirilib ki, Azərbaycan və Ukraynanı tarixi dostluq, strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Bu dövlətlər bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı var.
Qeyd olunub ki, əməkdaşlıq memorandumu bir sıra istiqamətlərdə, xüsusən də təhsil, gənclik və mədəniyyət sahələrində Azərbaycan-Ukrayna münasibətlərinə böyük töhfə verəcək.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Ukrayna azərbaycanlı tələbələrin təhsil almaq üçün seçdiyi ölkələrdən biridir: “Biz arzu edirik ki, gənclərimiz Ukraynanın nüfuzlu və keyfiyyətli təhsil verən universitetlərində oxusunlar. Sizin universitetiniz buna nümunədir. Bundan əlavə, inanıram ki, universitetlə təşkilatımız arasında əməkdaşlıq çərçivəsində iki ölkənin tarix və mədəniyyətinin qarşılıqlı təbliği həyata keçiriləcək. Bununla bağlı müxtəlif konfrans, görüş və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.