UKRAYNA XİN JİRİNOVSKİNİN ÖLKƏDƏ ARZUOLUNMAZ ŞƏXS ELAN OLUNMASINI İSTİSNA ETMİR
Nazirin sözlərinə görə, XİN Jirinovskinin martın 17-də teleproqramda söylədiyi fikirlərin yazıldığı lenti mütləq araşdıracaqdır. Onun rəyincə, Jirinovski söylədiyi sözlərə görə Ukrayna qanunlarına görə kriminal məsuliyyət daşıya bilər, çünki Rusiya siyasətçisinin sözləri Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəldilmişdir.
Tarasyuk demişdir: “O, özü üçün nə istəyirsə danışa bilər, amma öz dövlətində. Lakin sən qonşu dövlətə, özü də strateji tərəfdaş adlandırılan dövlətə gəldikdə, aydındır ki, müəyyən etik normaları gözləməyə borclusan. Amma cənab Jirinovski bir daha təsdiq etmişdir ki, onda etika və mənəviyyat sarıdan heç də hər şey qaydasında deyildir”.
Xarici işlər nazirinin birinci müavini Anton Buteyko Ukraynanın İCTV telekanalının birbaşa efirində söz vermişdir ki, Jirinovskinin ölkədə arzuolunmaz şəxs elan edilməsi barədə təşəbbüs irəli sürəcəkdir.
Jirinovski martın 17-də teleproqramda həm rusiyalı, həm də ukraynalı opponentlərin sözlərini təhqiramiz fikirlərlə tez-tez kəsirdi. Bundan başqa, Ukraynanın NATO-ya daxil olmasını Jirinovskinin istəmədiyi barədə Boris Nemtsovun replikasına Rusiya Dövlət Duması sədrinin müavini belə cavab vermişdir: “Əksinə, istəyirəm ki, Ukrayna NATO-ya daxil olsun və ukraynalı uşaqlar İraqdan tabutlarda qayıtsınlar”.