DÜNYA
Ukraynada koronavirus: 15648 nəfər yoluxub, 408-i ölüb
Kiyev, 11 may, AZƏRTAC
Ukraynada son sutkada 416 nəfər koronavirusa yoluxub ki, bu da ötən günlərlə müqayisədə artım deməkdir.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 15 min 648 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 17 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 408 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 3060 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev