Ukraynalı ekspert: Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi beynəlxalq hüququn, ədalətin təntənəsidir
Kiyev, 7 noyabr, AZƏRTAC
Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Düşünürəm ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi beynəlxalq hüququn, ədalətin təntənəsidir. Bu, həmçinin beynəlxalq və qlobal hərbi münaqişələrin yaradılması riskinin azaldılmasıdır.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Ukraynanın siyasi eksperti Dmitriy Voronkov söyləyib.
“Qarabağ problemi artıq həll olunub, bu mövzu qapanıb, bu bölgədə hər hansı münaqişənin baş verməsi üçün artıq heç bir rıçaq qalmayıb. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi dünya birliyinə bir çağırış və siqnaldır ki, hər bir ölkə digər dövlətlərin ərazi bütövlüyünə hörmət etməlidir”, - deyə Dmitriy Voronkoy vurğulayıb.
Siyasi ekspert vurğulayıb ki, Azərbaycan Ukraynanın yaxın tərəfdaşıdır.
“Uzun müddət işğal altında olmuş ərazilərini tamamilə azad etmiş azərbaycanlıların sevincini bölüşürük. Ukrayna ərazi bütövlüyünün bərpasının necə böyük, mühüm bayram olduğunu daha yaxşı anlayır, çünki hazırda özü bu problemlə üz-üzədir”, - deyə Dmitriy Voronkoy qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev