İDMAN
Ukraynalı gimnast: Bakıda keçirilən Avropa birinciliyində rəqabət çox güclüdür
Bakı, 13 aprel, AZƏRTAC
Yarışlar haqqında təəssüratlarım çox gözəldir, zal əladır. Tribunalarda ab-hava mübariz və müsbətdir, yarışların keçirilməsinə çox gözəl şərait yaradılıb. Azərbaycana ilk dəfədir gəlirəm və burada hər şey xoşuma gəlir. Komandamız üçün Bakı şəhərinə ekskursiya təşkil olunub. Köhnə şəhəri – İçərişəhəri çox bəyəndim. Şəhərin görməli yerlərini gəzdik, xeyli maraqlı məlumatlar aldım.
Bu barədə AZƏRTAC-a müsahibəsində ukraynalı gimnast Diana Tuvakbayeva batutda tullanma üzrə təsnifat çıxışlarından sonra bildirib. O, batut gimnastikası, ikili mini-batut və tamblinq yarışları üzrə 26-cı Avropa çempionatında iştirak edən gimnastların yüksək hazırlıq səviyyəsini qeyd edib.
O deyib: “Hazırkı Avropa çempionatında idmançıların səviyyəsi çox yüksəkdir, rəqabət güclüdür”.
Xatırladaq ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq yarışları üzrə 26-cı Avropa çempionatı həm yeniyetmələr, həm də böyüklər arasında keçirilir. Yarışların ilk iki günü bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallara, son iki günü sinxron tullanmalarda təsnifat mərhələlərinə və təmrinlərdə finallara həsr olunub.