“Ulduz” filminin çəkildiyi məşhur ləmin təmiri yekunlaşmaq üzrədir
Astara, 24 fevral, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən, “Ulduz” filminin çəkildiyi məşhur ləmin təmiri yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 117 yaşlı tarixi tikili ötən il aramsız yağan yağışlar və güclü külək nəticəsində dağılmışdı.
Tikilinin sahibi, Ərçivan kənd sakini Əsədulla Musayev açıqlamasında bildirib ki, ləmi atasının babası XIX əsrin əvvəlində tikib: “Ləmin damında çürümüş yerlər var idi. Güclü külək nəticəsində həmin hissələr qopdu, ləmin damı tamamilə çökdü. Şəxsi mülkiyyət olduğu üçün, yerli sakinlər, qohum-qonşular vəsait toplayaraq, ləmi əvvəlki vəziyyətinə qaytardıq. Təmir işləri demək olar ki, yekunlaşmaq üzrədir”.
Yay fəsli üçün nəzərdə tutulan qədim tikili Astaraya gələn turistlərin ən çox ziyarət etdiyi yerdir.
“Ulduz” filmində Məhəmməd və Züleyxanın səhnəsi 1963-cü ildə bu ləmdə çəkilib.
Qeyd edək ki, ləmin qırmızı kərpicdən olan hissəsində yumurta sarısı, keçi tükü və küldən istifadə olunub. Digər hissələri isə yerli meşə materiallarından hazırlanıb. Ləmdə istifadə olunan bütün taxta konstruksiyalar keçirmə yolu ilə işlənib, yəni, mismardan istifadə edilməyib.