“Ultra” şirkəti Nikoil Bankda “DocLogix” elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlamışdır
Bakı, 29 iyun (AZƏRTAC). Nikoil Bankla “Ultra” şirkəti arasında “DocLogix” elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə dair müqavilə imzalanmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Nikoil Bank tərəfindən proqram təminatı təchizatçısının seçilməsi üçün 14 şirkətin iştirakı ilə açıq tender keçirmişdir. Tender komissiyası tərəfindən ən münasib təklif “Doclogix” sistemi hesab edilmişdir. “DocLogix” proqramı Litvanın eyniadlı şirkəti tərəfindən işlənib hazırlanmışdır.
“DocLogix” proqramı orta və iri təşkilatlar üçün elektron sənəd dövriyyəsinin tətbiqi sistemidir və “Microsoft” proqramları ilə tez bir zamanda uyğunlaşır. “DocLogix” sistemi “kağızsız kargüzarlıq” konsepsiyası ilə elektron şəkildə təqdim edilən sənədlərlə iş üzrə vahid mexanizmdir. Elektron sənəd dövriyyəsinin Nikoil Bankda tətbiqi sayəsində sənədlərin yaradılması və emalı müddətləri əhəmiyyətli dərəcədə azalacaq, biznes proseslərin dinamikliyi artacaqdır. Elektron sənəd dövriyyəsinin kargüzarlıqda tətbiqi mövcud biznes-proseslərinin optimallaşdırılmasını, daxil olan və göndərilən sənədlərin emalı prosedurlarının nizamlanmasını, şirkətin sənədlərinin etibarlı və təhlükəsiz saxlanmasını təmin edir.
“DocLogix” şirkəti Baltik ölkələrində aparıcı informasiya texnologiyaları şirkətlərindən biridir və həmçinin Rusiya və Ukrayna bazarlarında həyata keçirilmiş bir çox layihələrə malikdir. Şirkətin məhsullarından həm dövlət sektoru, həm də fərdi sektorun təşkilatları istifadə edirlər. Azərbaycanda “DocLogix” şirkətinin nümayəndəsi “Ultra” şirkətidir.