ULTRA ŞİRKƏTİ YENİ KOMPÜTER TEXNOLOGİYASINI TƏQDİM ETMİŞDİR
Ultra şirkətinin rəhbəri Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqət və qayğısı ilə informasiya texnologiyaları sahəsində ölkəmizdə əldə edilən nailiyyətlərin beynəlxalq şəbəkə səviyyəsində yüksək qiymətləndirildiyini, Azərbaycanda istehsal edilən kompüterlərin ən müasir tələblərə cavab verdiyini faktlarla əsaslandırmış, təqdimatı keçirilən texnologiyanın Avropada Almaniya, İtaliya və İspaniyadan, MDB məkanında isə Rusiyadan sonra ilk dəfə olaraq respublikamızda hazırlanıb tətbiqinə başlandığını vurğulamışdır. Natiq mobil fərdi kompüterlər üçün Intel® Centrino® Duo texnologiyasının meydana gəlməsi ilə İntel korporasiyasının inkişaf tarixində yeni mərhələnin başlandığını bildirmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elmir Vəlizadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, İntelin MDB dövlətlərində regional direktoru Dmitri Konaş Ultra şirkətinin kompüter istehsalı, istehlakı, simsiz internet şəbəkəsinin genişləndirilməsi sahəsində fəaliyyətini, ali və orta təhsil müəssisələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişlər.
Sonra Ultranın istehsalı olan NEXUS noutbukunun texniki imkanları Intel® Centrino® Duo platforması bazasında nümayiş etdirilmiş və maraqla qarşılanmışdır.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.