Ümumavropa Elmi Tədqiqatlar Assosiasiyasının saytında AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi yerləşdirilib
Berlin, 6 aprel, AZƏRTAC
Ümumavropa Elmi Tədqiqatlar Assosiasiyasının saytında (UACES, https://ideasoneurope.eu) AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun “Azərbaycan - Avropa və Asiya arasında körpü” sərlövhəli məqaləsi yerləşdirilib. Material Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçı ölkələri ilə əməkdaşlığı haqqında xəbərlərin və analitik yazıların yer aldığı “Bridge” (körpü) rubrikasında qoyulub.
Məqalədə Azərbaycanda hələ 1918-ci ildə müasir müsəlman demokratiyasının parlaq nümunəsi və digər ölkələr üçün örnək olacaq gender bərabərliyi, etnik və dini tolerantlığın bərqərar olması faktı diqqətə çatdırılır. Müəllif qeyd edir ki, bu gün kosmopolitizm, multikulturalizm və multikonfessializm Azərbaycanı dünyada tanıdan amillərdir.
Yazıda vurğulanır: “Cinayətkarlığın aşağı səviyyəsi və ənənəvi qonaqpərvərlik Bakını dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevirib. Qadınlar istər icra hakimiyyəti orqanlarında, istərsə də parlamentin deputatı olaraq qanunverici hakimiyyətdə geniş şəkildə təmsil olunublar. Paytaxtın tarixi mərkəzindəki kiçik meydanda isə sinaqoq, məscid və kilsə əsrlərdir yana-yana fəaliyyət göstərirlər”.
Məqalədə ölkənin Şərq və Qərb arasında körpüyə çevrilməsində həlledici amil olan strateji coğrafi mövqeyindən, Xəzərin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolundan, Ermənistan tərəfindən Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalının davam etməsinin təkcə regional təhlükəsizliyə deyil, həm də Avropa İttifaqı ölkələrinə fasiləsiz qaz tədarükünə yaratdığı təhlükədən bəhs edilir.