Ümummilli lider Heydər Әliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 6 may (AZƏRTAC. Xatirə Cəfərova). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Әliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulmuşdur.
Bununla bağlı mayın 6-da Bakıda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Mərasimdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova müsabiqənin nəticələri barədə məlumat vermişdir.
Bildirilmişdir ki, müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Әliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikirləri və verdiyi tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.
Müsabiqəyə əlliyə yaxın yazının təqdim olunması bu mövzunun aktuallığını bir daha təsdiq etmişdir. Maraqlı məqalələr əsas götürülməklə qaliblər müəyyənləşdirilmişdir. Lakin seçim mərhələsində məlum olmuşdur ki, bu sahədə mövzular tam əhatəli işlənilməmişdir. Gələcəkdə qadın məsələlərinə daha çox diqqət ayrılacaqdır.
Qeyd olunmuşdur ki, bütün mənalı həyatı boyu xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Ümummilli Lider qadınlara etimad və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektlərinə görə irəli çəkmiş, yüksək vəzifələrə təyin etmişdir.
Qadınların ictimai - siyasi fəallıqlarının artırılmasında qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyətini vurğulayan AQUPDK-nın sədri demişdir ki, böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Әrəstun Mehdiyev bildirmişdir ki, bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf edir. İstiqlaliyyətə qovuşduğu gündən etibarən ölkəmizin müstəqilliyinin qorunmasında, sosial-iqtısadi tərəqqisində, dövlətimizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində, ümumiyyətlə, həyatın bütün sahələrində inkişafın təməlinin qoyulmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi vardır.
Ərəstun Mehdiyev Azərbaycan dövlətinin yaşaması və inkişafı üçün mühüm vasitələrdən biri olan söz, fikir, məlumat azadlığı sahəsində ümummilli liderimiz Heydər Əliyevin əməyini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanda 1998-ci ildə senzuranın ləğv edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu qətiyyətli addımından sonra ölkədə medianın fəaliyyət sahəsi genişlənmişdir.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qəbul olunmuş müvafiq Qanun mətbuatın, jurnalistikanın çoxşaxəli fəaliyyəti üçün meydan açmışdır. Sonralar bu Qanunda bir sıra dəyişikliklər olunmuşdur. Başqa sözlə, həmin dövrdə irəli sürülmüş bu siyasi xətt sonrakı illərdə də davam etdirilmişdir
Mətbuatın maddi-texniki bazasının inkişafı üçün Azərbaycan dövləti tərəfindən ardıcıl addımlar atıldığını deyən Ə. Mehdiyev qeyd etmişdir ki, müasir dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasi kurs indiki məqamda Azərbaycanda söz və fikir azadlığının daha da inkişaf etdirilməsi üçün təminat yaratmışdır.
Müsabiqənin qaliblərini təbrik edən Ə. Mehdiyev bildirmişdir ki, Azərbaycan dövlətinin inkişafında qadınların rolu ümummilli lider Heydər Əliyevin siyasi xəttinin mühüm bir istiqamətini təşkil etmişdir. Ümummilli Liderimiz Azərbaycan dövlətinin həyatında qadınlarımızın, ana və bacılarımızın rolunu həmişə yüksək qiymətləndirmiş, onların ölkəmizin ictimai-siyasi, mədəni həyatında geniş təmsil olunması üçün ardıcıl tədbirlər həyata keçirmişdir.
Qeyd olunmuşdur ki, cəmiyyətin əsası olan ailənin qorunmasında qadınların rolu böyükdür və Azərbaycanın milli şüurunda qadınların xüsusi rolu vardır. Bu gün cəmiyyətin müxtəlif sahələrində- sosial, iqtisadi, siyasi, mədəni və xarici siyasət sahələrində Azərbaycan qadınının xidmətləri vardır. Təsadüfi deyildir ki, Azərbaycanın Milli Qəhrəmanları sırasında qadınlarının da adları vardır.
Ərəstun Mehdiyev Azərbaycan jurnalistikasının bugünkü inkişaf səviyyəsindən danışaraq bildirmişdir ki, mətbuat işçiləri müxtəlif mövzularda yazılarla müsabiqələrdə iştirak edirlər. Burada yalnız jurnalist peşəkarlığı kifayət etmir, eyni zamanda, onlar hər bir sahənin problemlərini dərindən öyrənməli, nəzəri biliklərə sahib olmalıdırlar.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaöğlu , Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı və Əməkdar Jurnalist Flora Xəlilzadə çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil mətbuatın formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən danışmışlar. Çıxış edənlər qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətini, bu sahədə qazanılan uğurları, problemləri işıqlandıran gənc jurnalistlərə yaradıcılıq uğurları arzulamışlar.
Sonda qaliblər mükafatlandırılmışlar.
Müsabiqənin nəticələrinə əsasən, “Yeni Azərbaycan” qəzetinin müxbiri Hülya Məmmədli birinci, “Xalq qəzeti”nin əməkdaşı Ülviyyə Niftəliyeva ikinci, “İki Sahil” qəzetinin müxbiri Cavid Əkbərov üçüncü yerləri tutmuşlar.