ÜMUMMİLLİ LİDERİN MÜƏYYƏN ETDİYİ AQRAR SİYASƏT ÖLKƏMİZDƏ MƏHSUL BOLLUĞU YARATMAQ MƏQSƏDİ DAŞIYIR
Bu gün uğurla davam etdirilən həmin siyasət kənddə sahibkarlığın daha da inkişaf etməsinə, torpaq mülkiyyətçilərinin qol-qanad açmasına, bazar münasibətlərinin bərqərar olmasına, istehsalın dövrün tələbatına uyğun təşkilinə xidmət edir.
İmişli rayonunun Bəciravan kəndində iri fermer təsərrüfatına başçılıq edən Məmi Atakişiyev AZƏRTAC-ın müxbirinə demişdir:
- Mən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatının müxtəlif sahələrində yüksək vəzifələrdə çalışmışam. Nə gizlədim, o dövrü ömrümün ən mənalı illəri hesab edirəm. Hər yanda geniş quruculuq işləri aparılır, addımbaşı inkişaf duyulurdu. Elə indinin özündə də həmin inkişafın şahidiyik. Lakin o vaxt kəndli indiki qədər sərbəst, müstəqil deyildi. Zaman dəyişmiş, inzibati-amirlik dövrü arxada qalmışdır. İqtisadiyyatımız liberallaşmışdır. Planlı iqtisadiyyatdan fərqli olaraq, hansı məhsuldan və nə qədər istehsal etməyi indi bazar özü müəyyən edir.
Torpağın özəlləşdirildiyi gündən fermerlər qarşısındakı bütün maneə və çətinliklər tədricən aradan qaldırılmışdır. Dövlətin biz sahibkarlara verdiyi hüquq və səlahiyyətlər qarşımızda geniş imkanlar açır. Yeni texnika, maşın və mexanizmlər, texnologiyalar, mineral gübrələr almaq üçün fermerlərə dövlət tərəfindən uzun müddətə, həm də kifayət qədər kredit verilir. Yeganə çətinliyimiz məhsullarımızın bazara çıxarılması ilə bağlıdır. Yerlərdə məhsul tədarükü ilə məşğul olan, sağlam rəqabət şəraitində fəaliyyət göstərən özəl qurumlar yaradılarsa, bu, zəhmət bahasına başa gələn əkinçilik və heyvandarlıq məhsullarını dəyər-dəyməzə deyil, real bazar qiymətlərinə uyğun satılmasına zəmin yaradar. Bu da təsərrüfatımızın iqtisadi cəhətdən möhkəmlənməsinə kömək edər.
Digər bir problem torpaq mülkiyyətçilərini kənd təsərrüfatı texnikası ilə təmin edən bazaların əsas istehsal bölgələrindən aralı yerləşməsidir. Həmin bazalar istehsalçılara yaxınlaşdırılarsa, onların vaxt itirib ucqar bölgələrdən Bakıya gəlməsinə ehtiyac qalmaz. Düşünürəm ki, bunları müvafiq rəhbər strukturlar həll edə bilərlər. Bu, təkcə mənim yox, hər bir fermerin istəyidir.