ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ AZƏRBAYCAN VƏ RUSİYA XALQLARI ARASINDA DOSTLUQ KÖRPÜSÜDÜR
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qurultayda iştirakı forumun əsas hadisəsinə çevrilmişdir. Dövlət başçıları Konqresin fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində bu təşkilatın əhəmiyyətini vurğulamışlar.
Qurultay iştirakçıları ÜAK-ın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Qurultay iştirakçılarının yekdil fikrincə, ÜAK-ın fəaliyyətinin öncül istiqamətləri Rusiyada yaşayan azərbaycanlıların sıx birləşməsi prosesini davam etdirməkdən və milli ənənələrin, Azərbaycan dilinin inkişafı və qorunub saxlanması da daxil olmaqla, milli mədəni işi gücləndirməkdən ibarətdir. Ümumtəhsil proqramlarının həyata keçirilməsinə, gənclərlə iş aparılmasına, habelə Rusiya Federasiyasının ərazisində yaşayan azərbaycanlıların hüquqi və sosial müdafiəsinin təmin edilməsi üzrə fəaliyyətə gələcəkdə də xüsusi diqqət yetiriləcəkdir.
Qurultayda qəbul olunmuş qətnamədə təşkilatın fəaliyyətinin öncül istiqamətləri əksini tapmışdır. Bununla yanaşı, “Beynəlxalq terrorizmin və silahlı separatizmin milli təhlükəsizliyə, millətlərarası sülhə və Rusiya xalqının həmrəyliyinə hədə-qorxuları haqqında” qurultayın bəyanatı qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair bəyanat da qəbul olunmuşdur.
Xəbər verildiyi kimi, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, RF Dövlət mükafatı laureatı, onkologiya sahəsində ölkənin tanınmış mütəxəssislərindən biri, Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti seçilmişdir. Qurultayda ÜAK Mərkəzi Şurasının üzvləri də seçilmişdir. Yeni Mərkəzi Şuranın ilk iclasında Rəyasət heyətinin üzvləri seçiləcək və ÜAK-ın vitse-prezidentləri təyin ediləcəklər.
Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresinin birinci qurultayı 2001-ci il oktyabrın 4-də Moskvada keçirilmişdir. ÜAK-ın yaradılması ideyasının müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, Rusiyada yaşayan bütün azərbaycanlıların vahid təşkilatının yaradılmasına xeyir-dua vermiş və təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
İndi ÜAK Rusiyanın güclü və nüfuzlu diaspor təşkilatlarından biri kimi, Rusiya cəmiyyətinin bütün təbəqələrinin, Rusiya və Azərbaycanın dövlət qurumlarının hörmətini qazanmışdır. Konqresin rəhbərliyinə görkəmli ictimai xadimlər, alimlər, Azərbaycan ziyalılarının və işgüzar dairələrinin nümayəndələri daxildirlər. ÜAK Rusiyanın müxtəlif ictimai və dövlət təşkilatları ilə səmərəli əməkdaşlıq edir.
ÜAK-ın əsas məqsədi Rusiyadakı Azərbaycan diasporunun vətəndaş hüquqlarını qorumaqdan və həyata keçirməkdən, Azərbaycan milli mədəni və humanitar ənənələrini yaşatmaqdan və inkişaf etdirməkdən ibarətdir. Konqresin səyləri diasporun qarşılaşdığı bütün problemlərin həllinə, millətlərarası münasibətləri möhkəmləndirməyə və azərbaycanlıların öz tarixi vətəni ilə əlaqələrini dəstəkləməyə yönəldilmişdir. Konqresin öz qarşısına qoyduğu başlıca vəzifələrdən biri Rusiya-Azərbaycan münasibətlərini möhkəmlətmək və dərinləşdirmək, Azərbaycan diasporunun çox böyük potensialından Rusiyanın və Azərbaycanın rifahı naminə istifadə etməkdir.