ELM VƏ TƏHSİL
UNEC tələbəsi: Sizin məhdudiyyətiniz arzularınıza əngəl deyil
Bakı, 12 mart, AZƏRTAC
Əlilliyi olan tələbələrin təhsil almaları, onların təhsil mühitinə çevik adaptasiya olunmaları üçün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inklüziv mühit yaradılıb. 2015-ci ildən UNEC-də fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin peşəkar komandası əlilliyi olan tələbələrin ehtiyaclarına uyğunlaşdırılmış fərdi inkişaf və təlim proqramı tətbiq etməklə onların keyfiyyətli təhsil almasına, sosial həyata inteqrasiyasına dəstək olurlar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, hazırda universitetdə 200-dən çox əlilliyi olan gənc təhsil alır. Onlardan biri də arzularının arxasınca gedərək xəyallarını gerçəkləşdirən Qiyabi və Əlavə Təhsil Mərkəzinin tələbəsi Məhsim Bədirxanovdur.
Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Məhsim Bədirxanovun məsuliyyətli, çalışqan tələbə olduğunu bildirib: “Oxuduğu illər ərzində yüksək akademik işlər nümayiş etdirən Məhsim bu il məzun olacaq. O, yaradıcı təfəkkürə malik bir tələbədir. Onun “Gözlə məni” adlı şerlər kitabı çap olunub”.
2012-ci ildə bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş Məhsim Bədirxanov öz uğur hekayəsindən söz açıb: “Özünəinamım nəticəsində çətinlikləri dəf etdim. Bu inam məni daim irəli aparıb. Həm sağlamlığımı bərpa etməyə çalışıram, həm də təhsil alıram. Mən əlilliyi olan gənclərə səslənirəm. Ali təhsil əlilliyi olanlar üçün də əlçatandır. Sizin məhdudiyyətiniz arzularınıza əngəl deyil”.