REGİONLAR
“UNİLEASİNQ” ŞİRKƏTİ SƏRGİDƏ İSTEHSALAT AVADANLIĞININ LİZİNQİ LAYİHƏSİNİ TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən 13-cü Beynəlxalq qida sənayesi sərgisində iştirak edən “UniLeasinq” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istehsalat avadanlığının lizinqi layihəsini təqdim etmişdir.
Layihə çərçivəsində şirkətdən 4 il müddətinə illik faiz dərəcəsi 18 faiz, ilkin ödəniş ən azı 25 faiz olmaq şərtilə ticarət, qida məhsullarının istehsalı və s. avadanlığı əldə etmək mümkündür.
Sərgidə QSC-nin təqdim etdiyi xidmətlərə həm yerli, həm də xarici biznes qurumları tərəfindən böyük maraq göstərilmiş, şirkət rəhbərliyi ilə potensial müştərilər arasında bir sıra görüşlər keçirilmiş və gələcək əməkdaşlığa dair ilkin razılaşmalar əldə edilmişdir.
Artıq beynəlxalq tədbirin iştirakçılarından olan “Kürdəxanı şitili” şirkətinə istixanaların yaradılması və fəaliyyəti üçün nəzərdə tutulmuş avadanlıq lizinqə verilmişdir.