UŞAQ MUĞAM İFAÇILARI IV RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBLƏRİ İNGİLOYLAR QARŞISINDA ÇIXIŞ ETMİŞLƏR
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov AZƏRTAC-a bildirmişdir ki, iyunun 18-də Balakən rayonunda ingiloyların yaşadıqları İtitala kəndində Uşaq muğam ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin konserti olmuşdur. Konsert böyük maraqla qarşılanmışdır.
Yenicə istifadəyə verilmiş, müasir tipli mədəniyyət evində keçirilən tədbirdən əvvəl müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov tamaşaçılar qarşısında çıxış edərək, xalqımızın mədəni sərvətlərini qoruyub saxlamaq, inkişaf etdirmək, milli musiqimizə, xalq mahnıları və təsniflərə, muğam sənətinə marağı artırmaq, yeni istedadları aşkara çıxarmaq məqsədi ilə 2008-ci ilin aprel-may aylarında keçirilmiş uşaq muğam ifaçılarının IV Respublika müsabiqəsinin əhəmiyyətindən danışmış, milli mənəvi dəyərlərimizin, o cümlədən muğamlarımızın qorunub saxlanmasına, onun dünyada tanınmasına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, musiqisevərlərin, ziyalıların iştirakı ilə keçən konsertdə uşaqların ifasında səsləndirilmiş “Segah təsnifi”, “Mənsuriyyə”, “Şahnaz” və sair muğamlar, xalq və bəstəkar mahnıları ruh yüksəkliyi ilə qarşılanmışdır.
İfaçılara gül-çiçək dəstələri təqdim olunmuşdur.
Konsertdən böyük zövq aldıqlarını diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov tədbirin təşkilatçılarına təşəkkür etmişdir.