Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq xor kollektivlərinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş VII respublika müsabiqəsi qaliblərinin yekun konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin uşaqların yaradıcılığına daim diqqət yetirdiyini vurğulamışdır. Bildirmişdir ki, ulu öndərin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də musiqi ilə məşğul olan uşaqlara qayğı ilə yanaşır. Məhz bunun nəticəsidir ki, hazırda onlarla uşaq və yeniyetmə Prezident təqaüdünə layiq görülmüşdür. Eyni zamanda, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da istedadlı uşaqları həmişə diqqətdə saxlayır.
S.Məmmədəliyeva demişdir ki, müsabiqənin məqsədi xor mədəniyyətini inkişaf etdirmək, bu sahədə təhsilin keyfiyyətini yüksəltməkdir. Nazir müavini məlumat vermişdir ki, aprelin 4-dən 28-dək zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan və Ağcabədidə keçirilmiş müsabiqədə 10 mindən çox şagird iştirak etmişdir.
Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın Xalq Artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 200-dən çox uşaq xor kollektivinin çıxışını qiymətləndirmişdir.
Münsiflər heyətinin qərarına əsasən, xormeysterlər Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbi) “Qran-pri” mükafatına, Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi) və Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi) birinci mükafata, Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi), Nailə Nəhmədova (Bakı şəhər 4 nömrəli uşaq musiqi məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər uşaq musiqi məktəbi) ikinci mükafata, Teymur Cəbrayılov (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi), Aytən Qədirova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbi), Vüsalə Məmmədova (Bakı şəhər M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi) və Eldar Bayramov (Ağcabədi rayon Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbi) üçüncü mükafata layiq görülmüşlər.
Müsabiqədə fərqlənmiş Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xaçmaz, Goranboy, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Salyan, Samux, Siyəzən, Şuşa, Tərtər, Ucar rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri fəxri fərmanlarla təltif olunmuşlar.
Sonra xormeystrlərə mükafatlar təqdim olunmuşdur.
Qaliblər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmişlər.