Uxanda bütün əhali koronavirus testindən keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Ötən ilin dekabr ayında koronavirus epidemiyasının episentri olan Çinin Uxan şəhərinin yerli hakimiyyət orqanları 10 gün ərzində bütün əhalini koronavirus testindən keçirəcək.
AZƏRTAC “Penpay” nəşrinə istinadla xəbər verir ki, şəhərin epidemiya ilə mübarizə üzrə operativ qərargahı əhalinin ucdantutma test edilməsi barədə göstəriş verib. Bu qərar mayın 9-da və 10-da Uxanda 35 gün ərzində ilk dəfə olaraq altı yeni yoluxma faktı qeydə alındıqdan sonra qəbul olunub.
Bələdiyyə orqanlarına hər bir rayonda insan sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla əhalinin kütləvi yoxlanılması planını hazırlamaq tapşırılıb. Bunun üçün onlara 10 gün vaxt ayrılıb.
Çində ötən sutka ərzində 16 yeni yoluxma qeydə alınıb. Onlardan biri xaricdən gələn şəxsdə aşkarlanıb. 15 nəfərdə isə simptomsuz keçən xəstəlik müəyyən edilib.
Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:00-a olan məlumatına əsasən, dünyada 4 milyon 268 mindən çox yoluxma və 287 min 463 ölüm faktı qeydə alınıb, 1 milyon 533 min 701 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Çində koronavirusa yoluxanların sayı 82 min 919 nəfərə çatıb, 4 min 633 nəfər xəstəlik səbəbindən həyatını itirib, 78 min 171 nəfər isə sağalıb. Hazırda müalicə alan 115 xəstədən 10-nun vəziyyəti ağır qiymətləndirilir.
2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.