Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilir
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) aprel 23-dən 54 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 20 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 326-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 99-u isə məhkəmə orqanlarının aparatındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 19-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, biri birinci instansiya məhkəmə orqanının aparatındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Azərbaycan Respublikasının müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən ölkəmiz haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri bilikləri yoxlanılacaqdır.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait DQMK-nın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaqdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı aprelin 23-dən mayın 22-də saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron və ya şəxsən və poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini aprelin 23-dən mayın 12-də saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 23 aprel tarixli nömrəsində və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) veriləcəkdir.
Aprelin 1-də 18 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə 1276 namizəd (22 aprel tarixə olan məlumat) qeydə alınmışdır. Müsabiqə üzrə qeydiyyat aprelin 30-u saat 18:00-da başa çatacaqdır.