Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəblərin açılmasına hazırlıq çərçivəsində valideynlər artıq övladları üçün dərs ləvazimatları, çanta və digər zəruri əşyalarla yanaşı, məktəbli geyimləri də almağa başlayıblar. Xüsusilə avqustun son günlərində satış məntəqələrində məktəbli formalarına marağın artdığı müşahidə olunur.
Valideynləri məktəbli geyimləri alarkən yalnız qiymətlər deyil, məhsulların keyfiyyəti, hazırlanmasında istifadə olunan materialların tərkibi, ölçü çeşidləri və uşaqlar üçün rahatlığı da maraqlandırır. Bəs bu il məktəbli formalarının qiymətləri necədir? Hansı ölçülərə və modellərə daha çox tələbat var? Geyimlərin hazırlanmasında hansı materiallardan istifadə olunur?
Bu sualların cavabını öyrənmək üçün Bakı Tikiş Evinə üz tutduq.
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov AZƏRTAC-a açıqlamasında bildirib ki, məktəbli formaları əvvəlcədən hazırlanaraq anbarlarda saxlanılır. Bu, ilboyu alıcılara müxtəlif ölçülərdə məktəbli geyimlərinin təqdim edilməsinə imkan verir. Hətta 56, 58 və 60 ölçülü məktəbli formaları da əvvəlcədən hazırlanaraq satışa çıxarılır.
“Biz məktəbli formalarını əvvəlcədən – qış aylarından etibarən hazırlamağa başlayırıq. Parçaları Belarus, Türkiyə və Özbəkistandan gətirir, istehsal etdiyimiz məhsulları hazır şəkildə anbarlarda saxlayırıq. Buna görə də ilboyu bütün ölçülərdə məktəbli formalarını təqdim edə bilirik. Mövsüm vaxtı böyük ölçülərə də tələbat yarandığından 56, 58 və 60 ölçülü geyimləri də əvvəlcədən hazırlayırıq ki, valideynlər sifariş gözləməsinlər.
Hazırda mağazalarda nisbətən sakitlikdir. Lakin sentyabrın ilk günlərindən sonra alıcıların sayı kəskin artır. Ona görə valideynlərə məsləhətim odur ki, vaxt itirmədən məktəbli formalarını əvvəlcədən alsınlar.
Bakı Tikiş Evində istehsal olunan məktəbli formaları Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun hazırlanır. Şalvar və ətəklərin, eləcə də jaketlərin tərkibi 60 faiz yun, 40 faiz poliester, polo köynəklər isə 100 faiz pambıqdır. Müəssisədə istehsalda istifadə olunan parçalar Belarus, Türkiyə və Özbəkistandan tədarük edilir.
Valideynlər məktəbli forması alarkən onun fabrik istehsalı olmasına, sertifikatının və zəmanətinin mövcudluğuna diqqət yetirməlidirlər. Bazarda mənşəyi və materialı məlum olmayan, daha ucuz qiymətə satılan məhsullara da rast gəlinir. Lakin keyfiyyətsiz materiallardan hazırlanan belə geyimlər uşaqların sağlamlığı üçün risk yarada bilər. Buna görə məktəbli forması seçərkən yalnız qiymətə deyil, məhsulun keyfiyyətinə və tərkibinə də diqqət yetirmək lazımdır”, – deyə Etibar Əzimov vurğulayıb.
Satış şöbəsinin müdiri bildirib ki, Bakı Tikiş Evində məktəbli formalarının qiymətləri ötən illə müqayisədə aşağı salınıb. Hazırda oğlan və qızlar üçün qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 14 manat, şalvar 15 manat, nazik jaket 20 manat, kapüşonlu jaket 25 manat, qalın jaket 22 manat, qızlar üçün ətək isə 15 manatdır.

Valideyn Vüsalə Mehdiyeva məktəbli forması almaq üçün Bakı Tikiş Evinin mağazasına gəldiyini bildirib. O, burada satılan geyimlərin həm keyfiyyətindən, həm də qiymətindən razı qaldığını deyib.
“Dörd övladım var. Hər il məktəbli formalarını buradan alırıq. Həm qiymət, həm də keyfiyyət bizi qane edir. Geyimlərin keyfiyyətindən razıyıq, alınan formalar ilboyu istifadəyə yarayır və yenidən almağa ehtiyac qalmır. Buna görə də Bakı Tikiş Evinin xidmətindən və məhsullarından razıyıq”, – deyə valideyn qeyd edib.

Forma almağa gələn valideyn Bünyamin Bayramov da geyimlərin keyfiyyətindən razı qaldığını bildirib. O, qiymətlərin münasib, məhsulların isə keyfiyyətli olduğunu qeyd edib. Əlavə edib ki, uşaqları məktəbli formalarını sevərək geyinirlər.

Övladına məktəbli forması almaq üçün Bakı Tikiş Evinə üz tutan valideyn Aynur Məmmədova bildirib ki, hər il məktəbli forması üçün məhz buraya müraciət edirlər.
“Artıq hər il məktəbli forması almaq üçün bura gəlirik. Formaların keyfiyyəti çox yaxşıdır, qiymətlər də münasibdir. Materialı keyfiyyətlidir, yuyulduqdan sonra formasını və görünüşünü itirmir. Uşaqlar da bu geyimləri rahatlıqla və həvəslə geyinirlər. Məktəbli formalarının həm keyfiyyət, həm də qiymət baxımından valideynlərin tələblərinə cavab verdiyini düşünürəm”, – deyə Aynur Məmmədova qeyd edib.

İllərdir bu sahədə çalışan Bakı Tikiş Evinin satış təmsilçisi Sevinc Abbasova bildirib ki, valideynlər əsasən məktəbli köynəklərinin və polo köynəklərin keyfiyyəti ilə maraqlanırlar. Onun sözlərinə görə, satışda olan məhsullar pambıq materialdan hazırlanır və keyfiyyət göstəricilərinə cavab verir.
“Valideynlər əsasən köynəklərin, poloların keyfiyyəti ilə maraqlanırlar. Bizdə bütün məhsullar pambıq materialdan hazırlanır və keyfiyyətlidir. Məhsullar laboratoriyada yoxlanıldığı üçün allergiyaya və digər narahatlıqlara səbəb olmur. Satışda olan bütün məhsullar keyfiyyətlidir və gigiyenik tələblərə uyğundur. Qiymətlər də münasibdir”, – deyə Sevinc Abbasova bildirib.