MƏDƏNİYYƏT
Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetində Azərbaycan günü keçirilib
Varşava, 10 may, AZƏRTAC
Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən Azərbaycan günü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Maria Sierpinska tədbirdə çıxış edərək deyib: “Biz harada olmağımızdan asılı olmayaraq, heç zaman soy kökümüzü unutmamalıyıq. Qloballaşan dünyada bəzən bu, çətin ola bilər, amma biz hər zaman öz milli kimliyimizlə fəxr etməli və onu digərlərinə tanıtmalıyıq ki, stereotiplərin öhdəsindən gələ bilək. Azərbaycanlı tələbələrin belə bir tədbir təşkil etməyi çox məmnunedici bir haldır və onların bizim universiteti seçmələrindən çox xoşbəxtəm”.
Polşadakı səfirimiz Həsən Həsənov çıxış edərək tədbirin təşkilatçılarına, universitetin rektoruna və bütün iştirakçılara təşəkkürünü bildirib və belə tədbirlərin ölkəmizin tanıtdırılması, Polşa və Azərbaycanın daha da yaxınlaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Həsən Həsənov səfirlik tərəfindən Polşa ilə Azərbaycan münasibətlərindən bəhs edən altmışadək kitabın çap edildiyini və bu münasibətləri özündə tərənnüm etdirən abidələrin ucaldıldığını və xatirə lövhələrinin quraşdırıldığını vurğulayıb. Mövzunu davam etdirən diplomat hər bir azərbaycanlı tələbənin öz xalqını və dövlətini Polşada tanıtdırıb sevdirmək üçün bu ölkəni sevməli olduqlarını ifadə edib.
Səfir Həsən Həsənov çıxışının sonunda Azərbaycanın təbliği işinin hər bir tələbənin mənəvi borcu olduğunu vurğulayıb.
Çıxışlardan sonra rəsmi təqdimat mərasimi başlayıb. Videoçarx və fotoşəkillərlə müşayiət olunan təqdimatda Azərbaycanın bayrağı, digər dövlət rəmzləri, qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik tarixi, təbiəti və iqtisadi imkanları barədə məlumat verilib. Təqdimat Qarabağ münaqişəsi barədə məlumatla davam etdirilib və diqqətə çatdırılıb ki, 27 il bundan öncə mayın 8-də qədim Azərbaycan şəhəri Şuşa ermənilər tərəfindən işğal olunub.
Sonra auditoriyaya təqdim olunmuş məlumatlar əsasında sorğu keçirilərək qaliblərə hədiyyələr təqdim edilib.
Tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli musiqi alətləri barədə ətraflı məlumat verildikdən sonra azərbaycanlı tələbələr milli geyimlərdə “Tərəkəmə” rəqsini ifa ediblər. Tar müşayiəti altında milli mahnılar ifa olunub.
Təqdimat zamanı foyedə təşkil edilmiş sərgidə Azərbaycan haqqında fotoekspozisiya, ölkəmizi simvolizə edən suvenirlər nümayiş etdirilib. Bununla yanaşı, iştirakçılara Azərbaycan şirniyyatı və səfirlik tərəfindən çap etdirilmiş buklet və çap materialları paylanılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava