SİYASƏT
Vaşinqtonda “Azərbaycan, onun regional, Avropa və transatlantik tərəfdaşları” mövzusunda forum keçiriləcəkdir
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 17-də Vaşinqtondakı “The University Club of Washington, D.C.” sosial klubunda “Azərbaycan, onun regional, Avropa və transatlantik tərəfdaşları” mövzusunda forum işə başlayacaqdır. Tədbir “Ceymstaun” fondu tərəfindən təşkil edilir.
“Ceymstaun” Fondunun prezidenti Qlen Hovardın giriş nitqindən sonra region üzrə ekspertlər çıxış edəcəklər. Tədbirin “Azərbaycan və Avropaya qaz dəhlizi” adlanan birinci hissəsində fondun böyük əməkdaşı Vladimir Sokor “Azərbaycan-Türkiyə Transanadolu layihəsi və Avropaya qaz dəhlizi” mövzusunda, BP şirkətinin beynəlxalq münasibətlər üzrə böyük direktoru Qreq Sanders “Azərbaycanın “Şahdəniz” yatağı üzrə layihəsi: Cənub dəhlizinin açılışı” mövzusunda Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfirliyinin əməkdaşı Nərgiz Qurbanova “Amerika-Azərbaycan strateji tərəfdaşlığı: nəticələr və perspektivlər” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Forumun “Regional və beynəlxalq münasibətlər” adlı ikinci hissəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel “Qarabağ münaqişəsinin həll edilməməsinin nəticələri” mövzusunda, Vaşinqtondakı Vudru Vilson adına beynəlxalq elmi mərkəzin Avropa araşdırmaları üzrə müşaviri Aleksandr Pitersen “Türkiyə: Azərbaycanın əsas regional tərəfdaşı” mövzusunda məruzələrlə çıxış edəcəklər. Bu panellərə “Ceymstaun” Fondunun direktoru Qlen Hovard və Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Star moderatorluq edəcəkdir.
Yusif Babanlı
Vaşinqton