Vəkillər Kollegiyasının üzvləri beynəlxalq konfransda iştirak ediblər
Bakı, 21 fevral, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində “Səhv: hüquq yaxud məsuliyyət?” mövzusunda məşhur hüquqşünas M.İ.Kovalyovun xatirəsinə həsr olunmuş XVI beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Kollegiyanın Rəyasət Heyətinin üzvü Şəfayət Həsənov, vəkil Abbas Kərimbəyli, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev təmsil ediblər.
Konfransda “Biznes mühitində səhvlər və onların nəticələri: risk, yaxud cinayət”, “Məhkəmə səhvləri və onların səbəbləri: qanunverici, tərəflər və ya hakimlər”, “Tibb sahəsində səhvlər: qiymətləndirmə kriteriyaları” mövzularında sessiyalarda çıxışlar dinlənilib.
Konfransda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.