İQTİSADİYYAT
Vergi güzəştləri xarici informasiya texnologiyaları şirkətlərinin Azərbaycana marağını artırır
![](/files/galleryphoto/2023/1/1200x630/16768961651965441986_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16768961651086445783_1200x630.jpg)
Bakı, 20 fevral, AZƏRTAC
Texnologiya parklarının rezidentlərinə verilən vergi, gömrük və digər güzəştlərdən sonra informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycana marağı artıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin rəhbəri Elvin Abbasov deyib. Onun sözlərinə görə, artıq İKT sahəsində fəaliyyət göstərən proqram təminatı və təchizatı şirkətləri texnologiyalar parkının rezidenti olmaq üçün müraciət edirlər.
“Qanunvericiliklə İKT sahəsinə böyük imtiyazlar verilib. Bundan təbii ki, Azərbaycanın İKT sektoru böyük faydalar əldə edəcək. Artıq xarici şirkətlərin Azərbaycana investisiya etmək üçün marağı da artır. Qanunvericilikdəki təkmilləşdirmələr bu ilin sonunda Azərbaycana öz töhfəsini daha geniş miqyasda vermiş olacaq”,-deyə E.Abbasov vurğulayıb.
Bildirilib ki, Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergiödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:
- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.
E. Abbasov qeyd edib ki, Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə əlavə dəyər vergisini ödəməkdən azaddır.