İQTİSADİYYAT
Vergi ilə bağlı beynəlxalq məlumat mübadiləsi ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində həyata keçirilir
Bakı, 6 iyul, AZƏRTAC
Ölkəmizin sıx qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin olduğu MDB-nin iştirakçısı olan ölkələrlə məlumat mübadiləsi prosesi qurulub. 2018-ci ilin noyabrın 2-də Qazaxıstan Respublikasında keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”u imzalanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
“Əlavə olaraq qeyd etmək istərdim ki, 2013-cü ildə Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulub. Bu qurumun əsas istiqamətlərdən biri müvafiq ölkələr tərəfindən məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olub-olmamasının qiymətləndirilməsi və həmin standartlara uyğunluğunun təminindən ibarətdir. Hazırda Qlobal Forum tərəfindən Azərbaycanda Ümumi Hesabatlılıq Standartı (CRS) ilə bağlı inzibatçılığın tətbiqi səviyyəsinin qiymətləndirilməsi (ikinci mərhələ) prosesi davam edir. Qiymətləndirmə çərçivəsində daha yuxarı göstəricinin əldə edilməsi məqsədilə mübadilə tərəfdaşları ilə sıx əməkdaşlıq edirik”, – deyə O.Musayev vurğulayıb.
O.Musayev bildirib ki, beynəlxalq məlumat mübadiləsi sorğu əsasında, spontan və avtomatik olaraq ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində həyata keçirilir. Hazırda DVX tərəfindən avtomatik məlumat mübadiləsinin əsas istiqamətləri istifadə olunur. Bunlara maliyyə institutları tərəfindən verilmiş məlumatların mübadiləsi (FATCA və CRS formatı), bütün növ gəlirlər üzrə mübadilə (STF formatı) və transfer qiymətləndirilməsi üzrə ölkələrarası hesabatlılıq (CbCR formatı) daxildir.