“Vətən mənə oğul desə...” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
İsmayıllı, 3 aprel, AZƏRTAC
İsmayıllıda rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan “Vətən mənə oğul desə...” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən yazı müsabiqəsindən öncə şagirdlərlə görüş olub. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev və Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Aprel döyüşlərində qazandığı tarixi qələbədən söz açıblar. Çıxışlarda, habelə bu döyüşlərdə İsmayıllıdan olan gənclərin qəhrəmanlığından danışılıb, döyüşlərdə Maçaxı kəndində dünyaya gələn Mikayıl Vahabzadənin şəhidlik zirvəsinə ucaldığı qeyd edilib. Vurğulanıb ki, Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin nümayişidir.
Sonra inşa yazı müsabiqəsinə start verilib. Müsabiqədə rayonun 25 ümumtəhsil məktəbindən 58 nəfər yuxarı sinif şagirdi iştirak edib. Müsabiqə bir saat ərzində başa çatıb. Komissiya tərəfindən üç ən yaxşı iş - Tircan kənd tam orta məktəbinin X sinif şagirdi Pakizə Abdulovanın, şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Aytac İsgəndərlinin və Quşencə tam orta məktəbinin IX sinif şagirdi Asiman Mirzəliyevin inşa yazıları bəyənilib.
Hər üç şagirdə Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri verilib.