Vətən müharibəsi qaziləri Türkiyədə protezlə təmin olunurlar
Bakı, 6 aprel, AZƏRTAC
Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı Qarabağ torpaqlarının erməni işğalçılarından təmizlənməsi zamanı əzalarını itirən Vətən müharibəsi qazilərini Türkiyəyə apararaq onları protezlərlə təmin etməyə başlayıb. Onlar Bakıda üç ölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçülərini götürəndən sonra protez hazırlanması üçün İstanbuldakı mərkəzə göndərib.
Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, 3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr həmin ölkəyə getmədən protezlər hazırlanıb. Layihə çərçivəsində Türkiyəyə gedən əlillərdən biri təyyarədən enən kimi protezlə təmin olunub. Hava limanında protezlə təmin olunan Qarabağ qazisi oteldə ayağa qalxaraq yeriməyə başlayıb. Əlillərin İstanbulda lazımi fiziki müalicə və reabilitasiya prosesləri həyata keçiriləndən sonra geri qayıdacaqlar.