Vətən müharibəsi şəhidi Ramil Yusifzadənin valideynləri ilə görüş keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Vətən müharibəsi şəhidi Ramil Yusifzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının, ziyalıların və gənclərin iştirak etdiyi tədbirin əvvəlində Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin komandiri, qərargah rəisi A.Quliyev çıxış edərək Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrdən danışıb. O, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı dediyi “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” sözlərini tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb.
Şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadə oğlu ilə bağlı xatirələrini bölüşüb.
Sonra şəhidin müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, Əməkdar məşqçi Gəray Qarayev və baş müəllim Rəşad Babayev çıxışlarında şəhidin tələbəlik həyatından danışıblar.
Tədbir “Qarabağ” mahnısının səsləndirilməsi ilə başa çatıb.