Vətən müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, baş leytenant Nəhmətov Ceyhun Ehtiqad oğlu, leytenant Əbdürrəhimli Habil Qabil oğlu, kiçik gizir İbrahimli Nail Nəriman oğlu, əsgər Qasımov Murtaza Elman oğlu və əsgər Hüseynov Vüsal Yahya oğlunun anım mərasimlərində DSX-nin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül çələngləri qoyublar.
Mərasim iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbəmizdən, düşməni darmadağın etmiş Silahlı Qüvvələrimizin döyüş meydanında rəşadətindən danışıblar.
Vətən müharibəsində xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman nümunə olacağı qeyd edilib.
Şəhidlərin ailə üzvləri torpaqlarımızın azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə edilən ehtiramın göstəricisi olduğunu bildirərək minnətdarlıqlarını çatdırıblar.