VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Mehdiyevdən 51,634 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini Ravil Cabbarzadədən 49,212 qram tiryək və 1 ədəd bıçaq götürmüşlər.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşları 1-ci Zabrat qəsəbəsinin sakini Nazim Bayramovdan 0,231 qram, Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinin əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Səfərovdan 0,218 qram, Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Orxan Əliyevdən 0,229 qram, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Rahib Nəhmətovdan 0,528 qram heroin götürmüşlər.
Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbə sakini Faiq Qənbərovdan 0,558 qram heroin götürülmüş, həmçinin həmin şəxsə narkotik vasitənin həmyerlisi Ruslan Kazımov tərəfindən satılması müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kazımov Zaur Alıyevə heroin satarkən tutulmuşdur. Z.Alıyevdən 0,367 qram, R.Kazımovdan isə 0,433 qram heroin götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.