Vətəndaşların sağlamlığına göstərilən diqqət və qayğıkeş münasibət minnətdarlıqla qarşılanır
Bu günədək 2882 nəfər xocavəndli məcburi köçkün tibbi müayinədən keçib
Beyləqan, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müayinələrin həyata keçirilməsi üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət iki briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Sakinlər burada müxtəlif ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və digər müayinələrdən keçirilir.
Aksiya başlayandan - fevralın 12-dən bu günədək rayon üzrə 7 yaşayış məntəqəsinin sakinləri və 17 idarə-müəssisə kollektivinin müayinəsi başa çatdırılıb. Tibbi müayinədən keçən 2882 nəfər sakindən 186 nəfər ambulator, 34 nəfər stasionar müalicəyə cəlb edilib, 1 nəfər ixtisaslaşmış xəstəxanaya göndərilib. Səyyar həkim briqadaları Ağcabədi rayonu ərazisindəki 556 ailəlik qəsəbədə və Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsini həyata keçirirlər.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti xocavəndli məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanır.